Mövsümi məhsullar niyə ucuzlaşmır?! | TƏHLIL

// Hökumət inhisarçılıqla mübarizəni gücləndirməlidir

   Mövsümi məhsullar niyə ucuzlaşmır?!    | TƏHLIL
  21 İyul 2022    Oxunub:3071
Hazırda bir sıra kənd təsərrüfatı məhsulları üzrə istehsal və tədarük mövsümü olsa da, qiymətlər yenə aşağı düşmür. Nəinki düşmür, heç sabit də deyil. Keçən ilin əvvəlindən start götürən bahalaşma hələ də davam edir. İnflyasiya əvvəlkitək 12 faizin üstündədir, ərzaq üzrə isə daha yüksəkdir...
Ümumiyyətlə, ümumi bahalaşma və inflyasiya prosesində qida və kənd təsərrüfatı məhsullarının bahalığı əsas təkanverici faktor olaraq qalır. Bu da belə təəssürat yaradır ki, payızda və üzü qışa doğru bahalaşma daha çox olacaq. Çünki mövsümi amillər özünü göstərmir. Bəs bu nə ilə əlaqədardır? Bir sıra kənd təsərrüfatı məhsullarının istehsal və tədarük mövsümü olsa da, qiymətlər niyə ucuzlaşmır?

Qeyd olunan vəziyyət bir neçə səbəblə əlaqədardır. Birincisi, mövsüm də olsa, bəzi məhsul növləri üzrə xaricdən asılılıq var. İkincisi isə, yerli məhsulların bazarlara çıxış, başqa sözlə desəm, reallaşdırılma problemləri var.

Əvvəlcədən qeyd edim ki, idxalı məhdudlaşdırmaq heç bir nəticə verməyəcək. Əksinə, ciddi fəsadlar yarada və qiymətləri daha da artıra bilər. Yerli məhsulların bazarlara çıxışı problemlərinə gəldikdə isə məsələnin kökü məhz burada araşdırılsa yaxşıdır.

Problemin kökü inhisarçı amillərdədir. Hesab edirəm, bazarlar bir qədər köhnə termin sayılsa da, bilavasitə "işbazlar" adlanan bir qrupun nəzarəti altındadır. Çünki əgər istehsalçı ilə tədarükçünün bazara çıxış imkanı yoxdursa, başqa cür izah qalmır. Söhbət idxal məhsullarının biznesilə məşğul olan və yaxud onlara yaxın dairələrdən gedir.

Bundan başqa, yerli istehsal və tədarükçülərin məhsulları bazarlara çatanadək zərərə uğraması problemi də az təsirə malik deyil. Ümumiyyətlə, həm açıq, həm də pərdəarxası çox sayda subyektiv səbəb və amillər mövcuddur. Neçə illərdir ki dövlət və hökumət, konkret desəm, Kənd Təsərrüfatı Nazirliyi bu sahədə nə qədər təşkilati iş və siyasət həyata keçirsə də, heç bir dəyişiklik baş vermir.

Yeri gəlmişkən, bu gün də yarmarkalar təşkil edilir. Amma bu yarmarkalar ümumən bazarlardakı qiymətlərin müəyyən olunmasına və formalaşamasına heç bir təsir edə bilmir ki, bilmir.

Digər faktor isə yerli kənd təsərrüfatı məhsullarının maya dəyərinin yüksək olması ilə bağlıdır. Nəticədə, bazara daxil olarkən üzərinə əlavə haqq da gələndə, həmin məhsulun satışı istər-istəməz problemə çevrilir. Bəzi hallarda istehsalçı və tədarükçülərin bazarlarla bağlı şikayətləri onların öz məhsullarını ümumiyyətlə, reallaşdıra bilməmələrilə izah olunur. Belədə problemin həlli üçün hökumətdən nəsə tələb etmək də düzgün və mümkün deyil, ona görə ki, hökumət “ay satıcı, sən məhsulu bu qiymətə deyil, ucuz qiymətə sat”,- deyə diqtə edə bilməz. Bunu heç cür tənzimləmək mümkün deyil.

Beləliklə, burada əsas məqsəd aqrar məhsulların maya dəyərinin yüksək olması ilə bağlı problemi aradan götürmək olmalıdır. Kəndli öz məhsulunu maya dəyərindən aşağı sata bilməz. Çünki onun da başqa tələbləri var.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: İnflyasiya   Bahalıq  





Xəbər lenti